SAYTA GİRƏN OXUCU SAYI

28 Eylül 2016 Çarşamba

"Yod" (tibbi əhəmiyyəti və düzgün istifadə qaydası)

Hər evin dərman qutusunda yod şüşəsini tapmaq olur. Yod ilk tibbi yardım vasitəsi kimi müxtəlif travmalar və iltihablar zamanı geniş istifadə olunur. Bəzi pozulmalar zamanı yod həqiqətən çox təsirli sınanmış vasitədir. Lakin yoddan istifadə etdikdə ehtiyatlı olmaq lazımdır. Düzgün istifadə olunmadıqda yod sağlamlığa ciddi ziyan vura bilər. Belə ki, açıq yaralar zamanı yod yaranın üzərinə düşməməlidir – bu yaranın daha da böyüməsinə, güclü ağrılara səbəb olacaq. İlk tibbi yardım göstərdikdə yod yaranın üzərinə deyil, yaranın ətraflarına (yalnız sağlam dəriyə) çəkilə bilər. Yodla inhalyasiya etmək olmaz. Bu ağ ciyərin toxumasının zədələnməsinə səbəb olacaq.
         

Edison'nun sönməyən lampası

1879-cu ilin soyuq və şam işıqlı noyabr gecəsi… O, yazı masasında ilk lampanı yandırmağa nail olur. Thomas Edison.. Bugünə qədər bir çox təcrübə etmiş, lakin bunların heç birində uğura nail olmamışdı. Lampanın kəşfi isə maraqlı bir təcrübədən sonra mümkün olmuşdu. Belə ki, Edison bir əliylə pencəyinin düymələrini dartışdıra-dartışdıra lampanı necə yandıracağı haqqında fikirə getmişdi. Elə bu əsnada düymələrdən biri masanın üzərinə düşmüş, düyməni pencəyə bağlayan ip isə Edisonun əlində qalmışdır. Edisonun ilham mənbəyi də məhz bu ip oldu. Köməkçisindən  1 yumaq ip gətirməyini xahiş etdi. İpi hissələrə ayırdı və kömürləşdirərək lampaya əlavə etdi. Beləliklə saatlarla yanmağa davam edən lampanı kəşf etdi. Zaman ötdükcə isə Edison ixtirasını təkmilləşdirmək və heç sönməyən lampa yaratmaq fikrinə düşmüşdü.

25 Eylül 2016 Pazar

Barmağımızı kəsən zaman niyə axan qan bir müddət sonra dayanır?

Barmağımızı zədələdikdə axan qanı dayandıran bir sistemə sahib olmasaydıq qan itkisindən ölməyimiz çox asan olardı. Bu möhtəşəm sistemə laxtalanma adı verilib. 
Laxtalanma tıxacda baş vermiş qəza hadisəsinə çağırılan təcili tibbi yardım funksiyasını daşıyır. Bədənimizdə hər hansı bir yaralanma olduğu zaman ilk yardımı laxtalanmanın əsas tərkib hissəsi olan trombositlər edir. 

23 Eylül 2016 Cuma

Görəsən nəyə görə bəzi yumurtalar ağ, digərləri isə qəhvəyidir? (cavab)

Görəsən nəyə görə bəzi yumurtalar ağ, digərləri isə qəhvəyidir?  Toyuqlarda yumurta qabığının rənginə təsir edən amillər hansılardır? Qabıqların rəng fərqiylə əlaqədar olaraq Cornell Universitetində çalışan Tro V. Bui belə deyir:

İnsanda təkamül (dəri rəngi və tük azalması)

İnsanlıq tarixinin qara səhifəsi olaraq, onlarla və hətta yüzlərlə il insanlara dəri rənglərindəki fərqliliklər səbəbilə əziyyət və işgəncə edilmiş, ümumiyyətlə qara rəngli insanlar köləliyə məhkum edilmişdir. Amma həqiqətən də dəri rəngimiz bizi bir-birimizə bu qədər insanlıq xarici davranışları göstərməyimiz üçün səbəb idi? Ağlar, görəsən hər zaman öyündükləri ağ rəngdə qalıblar? Qaradərili olmaq geridə qalmışlıq hesab edilə bilər? Bu yazıda bu suallara cavablar axtaracağıq və dəri rənginin təkamülünə nəzər salacağıq.

22 Eylül 2016 Perşembe

Tüklərimiz niyə ”biz-biz” olur?

Ontario Guelph Universitetinin fiziologiya və zoologiya üzrə professoru George A.Bubenik soyuq havalarda və həyəcanlananda tüklərimizin biz-biz olmasının elmi səbəblərini açıqlayır. Məsələn, hovuzdan çıxırıq, həmin anda külək əsir və tüklərimiz soyuqdan biz-biz olur. Çoxdandır qulaq asmadığımız bir mahnını eşidəndə və ya təsirli bir videoya baxanda da eyni hal baş verir.

Bəs bədənimiz niyə belə bir reaksiya göstərir?

Ağac yarpaqları niyə tökülür?

Bitkilər üçün, xüsusilə qida hasil edən yarpaqlar üçün günəş işığı çox vacibdir. Payızın gəlməsi ilə havalar soyumağa, gündüzlər qısalmağa başlayır və Yer kürəsinə gələn günəş işığı azalır. Bu azalma bitkilərdə bəzi dəyişikliklərə səbəb olur və yarpaqlarda yaşlanma proqramı adlanan yarpaq tökülməsi başlayır. Bir çox insanın əhəmiyyət vermədiyi, hətta qəflət gözü ilə baxdığı bu hadisə əslində heyranedici və möcüzəvidir.
Yarpaq tökülməsi ağaclar üçün əhəmiyyət daşıyır
Soyuq havalarda torpaqdakı su getdikcə qatılaşır və ağacın kökləri suyu sora bilmir. Lakin yarpaqların tərləməsi, havanın soyumasına baxmayaraq, davam edir. Suyun azaldığı dövrdə daima tərləyən yarpaqlar bitki üçün artıqlıq təşkil edirlər. Onsuz da yarpaqların hüceyrələri soyuq qış günlərində donmaya məruz qalıb parçalanacaq. Ona görə, ağaclar qış gəlməzdən əvvəl yarpaqlarını tökürlər, beləliklə, onsuz da məhdud olan su ehtiyatlarını əbəs yerə sərf etmirlər.
Ağaclar yarpaqlarını tökməzdən əvvəl yarpaqdakı bütün qida maddələrini sormağa başlayırlar. Məqsəd kalium, fosfat, azot kimi maddələrin düşən yarpaqlarla birlikdə məhv olmasının qarşısını almaqdır. Bu maddələr ağac qabığının təbəqələrinin və gövdənin ortasından keçən özəyə göndərilir və burada toplanır. Qida maddələrinin özəkdə toplanması ağacın bu maddələri asanlıqla sormasına kömək edir.
Ağaclarının yarpaqlarını tökməsinin başqa səbəbi ağaclarda heyvanlardakı kimi ifrazat sisteminə bənzər ifrazat sisteminin olmasıdır. Bildiyimiz kimi, hər orqanizm maddələr mübadiləsi nəticəsində tullantı maddələr hasil edir. Bu tullantı maddələr toplandıqda zəhərli olduğuna görə orqanizmdən xaric edilməlidir. Bitkilərdə insanlarda və ya heyvanlardakı kimi ifrazat sistemi yoxdur. Ona görə, maddələr mübadiləsinin tullantıları yarpaq hüceyrələrində vakuol adlanan orqanoidlərdə kristal formada toplanır. Yarpaqların hər payız tökülməsi ilə bitkilər bu tullantı maddələrindən xilas olurlar. (Orkhan South)

Hansısa otağa girdiyimiz zaman niyə girdiyimizi unuduruq... Səbəb?

Çoxumuzun başına gəlib. Bir otaqdan digərinə keçdiyimiz zaman ”nə edəcəkdim mən?” deyərək donub qalırıq. Bəzən də mətbəxə girər, niyə girdiyimizi xatırlamaz, soyuducunun qapısını açıb boş-boş baxarıq.
Əsasən belə vəziyyətlərdə əməlli başlı unutqan olduğumuzu düşünürük. Amma narahat olmağa dəyməz!
Çünki elm adamları bu vəziyyəti də araşdırıblar. Qapı təsiri! (doorway effect)
”Qapı təsiri” bir qapıdan keçdiyimiz zaman beynimizdə meydana gələn keçici yaddaş itkisinin elmi adıdır.
Notre Dame universitetindən Gabriel Radvansky, Sabine Krawietz və Andrea Tamplinin araşdırmasına nəzər salaq. 
Bu araşdırma komputerlə aparılıb. Belə ki, dizayn proqramlarının birində boş otağın içi əşyalarla doldurulub. Digər otaq isə tamamilə boşdur. İştrakçılara 1-ci otaqdakı əşyalara diqqətlə baxmaları istənilib. Çünki növbəti mərhələdə onlar həmin əşyaları ikinci otağa düzəcəklər. 
Beləliklə iştrakçıların demək olar ki, hamısı 1-ci otaqdakı əşyaların yerini sonradan xatırladıqları halda, 2-ci otağa düzməyə çalışarkən bunu bacarmayıblar. 

”Qapı təsiri” həm fiziki, həm də zehni halı dəyişdirdiyimiz zaman başqa otağa keçib fərqli əşyalar görəndə meydana çıxır. 
Bunun səbəbi başqa bir otağa keçdiyimiz zaman beynimizin ətrafa uyğunlaşması üçün zamana ehtiyacının olmasındadır. Bu zaman ərzində biz keçici yaddaş itkisi yaşayırıq. 
Əgər axtardığınız əşyanın hansı olduğunu uzun müddətdən sonra yenə də yadınıza sala bilmirsinizsə onda xüsusi tədbirlər görməniz tövsiyyə olunur. 

Yuxuda niyə danışırıq?

Yuxuda danışmaq və yuxuda gəzmək yuxu pozğunluğunun növlərindəndir. Daha çox uşaqlarda rast gəlinir. Yuxuda danışan insanın səsi və danışıq şəkli bir çox hallarda normaldan daha fərqli olur. Eyni zamanda həmin insanın danışığı çox vaxt onu dinləyənə aydın olmur.
Yuxu fərqli mərhələləri olan bir dövrdür və yuxuda danışmaq bu mərhələlərin istənilən birində meydana çıxa bilər. Adətən yuxuda danışan insanlar bir müddət sonra dərin yuxuya gedirlər. Lakin çox keçmir ki, dərin yuxu yerini həssas yuxuya buraxır. Araşdırmalara görə insanlar həssas mərhələdə (elmi adı-REM) ağır mərhələyə nisbətən daha çox və daha dəqiq yuxular görürlər.
Yuxunun fərqli mərhələləri arasındakı keçidlərdə insanlar qismən ya da tamamilə oyandıqları zaman qısa müddətdə yenidən yuxuya gedirlər. Lakin bu keçidlər zamanı beynin bir hissəsi yatdığı halda digər hissəsi oyaq qalır. Araşdırmaçılar düşünür ki, yuxuda danışmağın əsas səbəbi də elə məhz beynimizin müəyyən bir hissəsinin oyaq qalmasıdır. 

Enerji içkiləri həqiqətən də enerji verirmi?

Yox, sadəcə orqanizmin ehtiyyat enerjisini istifadə etməyə məcbur edir. Bu içkilərin içindəki taurin zülal sintezində iştirak edir. Anidən həyəcanlananda, əsəbləşəndə bu maddənin qandakı miqdarı azalır və sonra bərpa olunur.
Bizim kənardan yüksək dozada aldığımız taurin zülal sintezini artırır və hərəkət aktivliyini artırır. Başqa bir maddə isə kofeindir. Kofein halsızlıqda, yorğunluqda sinirlərin ötürücülük qabiliyyətini artırır. Kofein də bizim orqanizmimizdə lazım olan qədər ifraz edilir, amma kənardan yüksək dozada qəbul olunmuş kofein orqanizmimizi həddindən artıq hiperaktivləşdirir.
Bunlardan əlavə yüksək dozada karbohidrat mübadiləsini alovlandıran maddələr var. Bütün bunların orqanizmimizdə ifraz olunmasına baxmayaraq, kənardan yüksək dozada qəbulu bizim orqanizmimizdə bu maddələrin ifrazını azaldır, orqanizm kənardan bu maddələri almağa öyrəşir və beləcə getdikcə dozanı artırmağa məcbur oluruq.
Enerji içkilərini içən uşaqlar çox əsəbi, hiperaktiv və yersiz dərəcədə çılğın olurlar. Belə uşaqlarda axşamlar sidikqaçırma daha tez-tez baş verir.
Bu içkiləri içməyə vərdiş etmiş insanlar istifadəni dayandıran zaman yorğun, halsız və əsəbi olurlar. Belə insanların iş qabilyyətləri çox aşağı olur.

20 Eylül 2016 Salı

"Yatmasaq nə olar?"

Sutkada 6-8 saat yuxu yatırsınızsa hansı xəstəliklərə meylli ola və neçə illik ömür yaşaya bilərsiniz? 10 saat yatsaz necə? Bəs 11 sutka oyaq qalsaz vəziyyətiniz necə olar?

Qəribə səslənsə də yuxunun nə səbəbləri, nə də təkamül mənşəyi elmə praktiki olaraq məlum deyil. Axı təbiət nöqteyi-nəzərindən yuxunu əlverişli və məqsədəuyğun hesab etmək doğru deyil. Əgər insan və ya bir heyvan yuxuya dalırsa şüuru bir neçə saatlığına sönmüş olur. Belə vəziyyətdə canlının yırtıcılara qurban olma şansı bir neçə dəfə artır.

Bununla belə alimlər səbəbləri olmasa da, yuxunun əlverişlilikdəki bəzi qanunauyğunluqlarını aşkar etməyə nail olublar. Məsələn, məlum olub ki 6-8 saat yuxu yatan yetkin insanlara uzunömürlülük xarakterikdir. Yuxu azlığı isə əksinə diabet və ürək-damar xəstəlikləri kimi bir sıra problemlərə səbəb olur. Xroniki yuxusuzluq da həmçinin sadalanan xəstəliklərlə yanaşı piylənmə, depressiya və beyin zədələnmələri ilə əlaqələndirilir.

Bəs heç yatmasaq nə olar? İlk yuxusuz gecədən sonra insan beynində mezolimbik sistem aktivləşərək, qana dofamin atır. Bu təsirin nəticəsi olaraq insan daha enerjili, pozitiv və seks planında aktiv olur. Yaxşıdır, elə deyil? Tələsməyin, ən pisi qabaqdadır. İlk öncə beyində qərar verməyə və nəticələri qiymətləndirməyə nəzarət edən strukturlar deaktivləşir. Özünüidarə zəifləyir. Yorğunluğun meydana çıxması ilə reaksiyaların sürəti yavaşlayır və ətraf aləmi dərk etmə funksiyaları azalır.

Ölüm astanasındakı fenomenal hadisələrin səbəbi nədir?

Ürək dayanması təcrübəsi yaşamış bir çox xəstələr ölümün astanasında keçirdikləri həyəcanlı anları unuda bilmirlər. Onlar, ya sonu parlaq işıq saçan tunel gördüklərini, ya vəfat etmiş qohumları ilə ünsiyyətdə olduqlarını, ya da özlərini kənardan müşahidə edib, otaqda baş verən hər şeyi eşitdiklərini deyirlər. Bunun, iki dünya arasındaki keçid mərhələsi olduğuna əminliklərini bildirən teoloqların sayı az deyil.

Mütəxəssislərin dediyinə görə, belə bir hadisənin səbəbi ürək fəaliyyəti yavaşladıqda beyin aktivliyinin sürətlə artmasıdır. Alimlər apardıqları tədqiqatda doqquz siçovulu asfiksiyaya məruz qoyaraq, xüsusi cihazlarla onların vəziyyətini öyrənməyə çalışıblar. Bu xüsusi qurğu elektrokardioqraf və ya elektroensefaloqrafı xatırladır. Məlum olub ki, ürək dayandıqdan və beyin aktivliyi ani olaraq artdıqdan sonra bu fenomenal prosesi cəmi 30 saniyə ərzində müşahidə etmək olar. Beynin qısamüddətli aktivliyi qlükoza və oksigen axınının dayanmasından sonra meydana gəlir.

Tədqiqatçılar beyin və ürək arasında yeni əlaqə aşkar etdiklərini qeyd edirlər. Belə ki, ürək aktivliyinin yavaşlamasından sonra beyin siqnalları və ürək döyüntüləri arasında sinxronluq olduğunu açığa çıxarıblar. Hər iki fəaliyyətin üst-üstə düşdüyü bu mərhələdə qəribə görmələr müşahidə oluna bilər.

2012-ci ildə ölüm anı həyəcanları araşdırmaları mərkəzindən olan alimlər "işıqlı tunel" və digər oxşar hadisələrin spontan olaraq meydana gələn "ayıq" və ya şüurlu yuxu görmələri olduğunu qismən sübut etməyə nail olmuşdular. Şüurlu yuxular və ölüm anında yaşanan həyəcanların hər ikisində də eyni beyin mexanizmləri işə düşürdü.

Alimlər siçovulların beyin siqnallarını susduraraq, beyin mədəciklərinin fibrillyasiyasını yavaşlada biliblər, nəticədə qan dövranı dayanıb. Beyin və ürəyin bu "duetinin" nəticəsi olaraq meydana gələn görmələr bəzi hallarda insanlara yaşamaq ümidi verə bilər - bunu, bir növ, ölümlə mübarizə kimi də adlandırmaq olar, alimlər deyir. Bununla belə geriyə daha bir neçə vacib sual qalır ki, gələcək araşdırmalarda yekun nəticələr alınacağı güman edilir.
                                                    
                                                                                                              (heyatintekamulu)

"Pişik diridir, ya ölü?" (paradoks)

1935-ci ildə nüfuzlu fizik, Nobel mükafatı laureatı və kvant mexanikasının banisi Ervin Şrödinger məşhur paradoksunu hazırlayır.

Alim irəli sürür ki, əgər hər hansı bir pişiyi götürüb, içərisini müşahidə edə bilmədiyimiz və içərisində "cəhənnəm maşını" quraşdırılmış poladdan qutuya yerləşdirsək, bir saat sonra pişik eyni anda həm ölü, həm də diri vəziyyətdə olacaq. Qutu içərisindəki mexanizm belədir: Geyger sayğacı içərisində mikroskopik miqdarda radioaktiv maddə yerləşir, hansı ki bir saata yalnız bir atoma parçalanır - eyni ehtimalla parçalanmaya da bilər. Parçalanma baş versə mexanizm işə düşərək, çəkicin, içərisində sinil turşusu olan qabı sındırmağına səbəb olacaq, dolayısıyla da pişik öləcək. Lakin əgər parçalanma baş verməsə qab sınmayacaq və pişik sağ və salamat qalacaq.

Əgər söhbət pişik və qutudan deyil, subatom hissəciklərin dünyasından getsəydi alimlər pişiyin eyni anda həm sağ, həm də ölü olduğunu iddia edəcəkdilər, lakin makrodünya səviyyəsində belə bir ümumiləşdirmə düzgün olmazdı. Elə isə əsas mövzu materiyanın daha kiçik hissəcikləri olduqda, niyə belə anlayışlara üz tuturuq?

Şrödingerin illüstrasiyası kvant fizikasının əsas paradoksunun izahı üçün ideal nümunə hesab olunur: qanunlara əsasən, elektronlar, fotonlar və hətta atomlar kimi hissəciklər eyni anda iki vəziyyətdə mövcuddurlar ( işgəncə verilən pişiyi xatırlayaq - "diri" və "ölü" vəziyyətlərində). Belə vəziyyətlər superpozisiyalar adlanır.

Arkanzas Universitetindən olan fizik Art Hobson ötən il bu paradoksun həlli üçün şəxsi variantını irəli sürüb. O, bildirir ki, Şrödingerin paradoksunda pişik makroskopik cihaz - nüvənin parçalanması və ya parçalanmamasının müəyyənləşdirilməsi üçün radioaktiv nüvəyə birləşdirilmiş Geygerin sayğacı rolunu oynayır. Belə halda diri pişik "parçalanmamağın" indikatoru, ölü isə "parçalanmağın" göstəricisi olacaq. Amma kvant nəzəriyyəsinə əsasən, pişik eynən nüvə kimi iki "həyat" və "ölüm" superpozisiyalarında da mövcud olmalıdır.

Bunun əvəzinə pişiyin kvant vəziyyəti atomun vəziyyətinə dolaşmalıdır ki, bu da onların bir-biri ilə qeyri-lokal əlaqədə olduğu mənasını verir. Yəni, dolaşıq obyektlərdən birinin vəziyyəti anidən əksə doğru çevrilsə, bir-birindən hansı məsafədə olduqlarından asılı olmayaraq digər cütünün vəziyyəti də eynən belə dəyişiləcək.

Kvant dolaşıqlığı nəzəriyyəsinin ən maraqlı üzü budur ki, hər iki hissəciyin də vəziyyətinin dəyişilməsi ani olaraq baş verir: heç bir işıq və ya elektromaqnit siqnal informasiyanı bir sistemdən digərinə ötürməyə vaxt tapmazdı. Beləliklə, bunun, məkan vasitəsilə iki hissəyə bölünmüş vahid obyekt olduğunu qeyd etmək olar.

Hobsonun göstərdiyi kimi, Şrödingerin pişiyi artıq eyni anda həm diri, həm də ölü deyil - paradoks həll oluna bilər. Ən sadə izah olaraq, əgər parçalanma baş versə pişik öləcək, baş verməsə - yaşamağa davam edəcək.

Futbolda aldadıcı zərbələrin sirri

Futbolçular qapıçını çaşdırıb qol vura bilmək üçün xüsusilə cərimə vəziyyətləri zamanı topa havada istiqamət dəyişdirəcək şəkildə zərbə vurmağa çalışırlar. İstedadlı idmançılara xas olan bu zərbələrin reallaşmasını təmin edən isə topun dönməsi və üzərinə təsir edən aerodinamik qüvvələrdir. Aerodinamik qüvvələr, hava (qaz) molekullarının cismin ətrafında hərəkət edərkən bu cismə təsiri ilə təyin olunur.


        Top havada hərəkət edərkən havanı meydana gətirən molekullar topun ön tərəfinə çırpılır və cismi əhatə edərək geriyə doğru hərəkət edir. Əgər top havada hərəkət edərkən eyni zamanda öz ətrafında fırlanırsa topun ətrafında hərəkət edən hava da onunla birlikdə fırlanır. Bu səbəblə hava topun bir tərəfində digər tərəfinə nisabətən daha sürətli hərəkət edir. Yəni topun dönmə istiqaməti ilə havanın hərəkət istiqaməti eynidirsə, hava topun o tərəfində daha sürətli axır. Havanın topun ətrafında fərqli sürətlərdə hərəkət etməsi təzyiq fərqinə gətirib çıxarır. Bu, Bernulli qanunu olaraq bilinir. Havanın daha sürətli hərəkət etdiyi hissədə təzyiq aşağıykən, yavaş hərəkət etdiyi hissədə təzyiq yüksəkdir. Ətrafındakı təzyiq fərqi səbəbiylə topun üzərinə təsir edən qüvvələr balanslı deyil və təzyiqin az olduğu tərəfə doğru dəqiq bir qüvvə ortaya çıxır. Bu qüvvə Maqnus qüvvəsi (effekti) olaraq adlandırılır.
Fırlanan cisimlərə təsir edən Maqnus qüvvəsinin istiqamətini fırlanma istiqaməti təyin edir. Məsələn top, fırlanma oxu yerə paralel şəkildə saat istiqamətindədirsə havada sağa doğru, saatın əksi istiqamətindədirsə sola doğru hərəkət edəcəkdir. Fırlanma oxu yerə perpendikulyardırsa topun üzərinə -dönmə istiqamətinə görə- aşağı ya da yuxarı istiqamətli qüvvə təsir edir. Təbii ki sonda Braziliya milli komandasının məşhur müdafiəçisi Roberto Karlosun 1997-ci ildə cərimə zərbəsindən Fransa komandasının qapısına vurduğu möhtəşəm qolu xatırlatmaq tam yerinə düşər.
                                                                 
                                                                                    (tekamulaz)

İnsanın təkamülü davam edir?

İnkişaf etmiş ölkələrdə ölənlərin və doğum sayının azalması kimi faktorların təsirinə baxmayaraq, insanın təkamülü davam edir, üstəlik onun tempi ibtidai dövrdəki ilə müqayisə edilə biləcək səviyyədədir, alimlər hesab edir.

Müasir dövrdə təbii seçmənin insan üzərindəki təsirinin elə də güclü olmadığı fikri hardasa məntiqli olsa da, alimlərin apardığı yeni araşdırma bu tezisi təkzib edir. Genetik və təkamülçü bioloqlar Finlandiyanın genealoji tarixini, ümumiyyətlə son illərdə insanın boy, çəki, ömür müddəti kimi xüsusiyyətlərini və genetik mutasiyalarını müqayisə və analiz etmək qərarına gəliblər.

Məlum olub ki, əksər fin ailələri özlərində genealoji arxiv daşıyırlar, yəni onlarda XVIII əsr və daha əvvəlki dövrə aid insanların informasiyaları qorunur. 10.000 min insana aid məlumatlar yığıldıqdan sonra DNT və əcdadlarla bağlı digər informasiyalar təhlil edilib.

Mütəxəssislər genomları müqayisə edərək, Finlandiyanın XVIII-XIX əsr sakinlərinə aid əlamətlərdəki variasiyaların 4-18%-inin ictimai-iqtisadi xarakter faktorlarının deyil, müxtəlif genetik mutasiyaların nəticəsi olduğunu aydınlaşdırıblar. Genetik mutasiyaların insanın əlamətlərinin formalaşması üzərində təsiri əhəmiyyətsiz kimi görünə bilər, amma bu, belə deyil. Tarixdən əvvəlki dövrdə də buna oxşar vəziyyət mövcud olduğundan, görünür, insanın təkamülü, hansı ərazidə baş verməsindən asılı olmayaraq, hələ də dayanmayıb.

Alimlərin rəyinə görə, XX əsrdə bu prosesin sürətləndiyinin şahidi olmaq olardı. Təbii seçmə effektinin artmasını belə şərh etmək olar ki, həmin dövrdə sosial-iqtisadi xarakter faktorları qədim dövrlərdə olduğunun əksinə olaraq, seksual partnyorun seçiminə daha az təsir göstərirdi. Beləliklə, müasir insanın partnyor seçimində daha az məhdudiyyətə malik olduğunu vurğulamaq olar.

İsveçli tədqiqatçı Elizabet Bolund təbii seçmənin təkamül üzərindəki təsirinin xüsusilə Finlandiya və digər inkişaf etmiş ölkələrin son bir neçə nəsil nümunələrində çox yaxşı fərq edildiyini qeyd edir.

Mütəxəssislər təkamülün olduqca "mühafizəkar" proses olduğunu hesab edirlər. Bu prosesdə verilən bioloji qərarlar öz dövrünün ehtiyaclarını hər zaman qarşılamır. Bu mənada müasir dövrdə yaşayan hər bir insan əvvəlki nəsillərin bir növ "girovudur". Bununla da gələcəyin insanının müasir Homo sapiens-dən kifayət qədər fərqlənəcəyini proqnoz etmək olar.

Fərqli ola bilərdi…

Dövrlər boyu insan övladı bir çox inkşaf mərhələsindən keçib. Zamanla sahib olduğu üstün zəka onu digər canlılardan fərqləndirib. Bəşər övladının bugünə kimi gördüyü işlər danılmazdır. Bitmək-tükənmək bilməyən elmi yeniliklər, texnologiyanın gözlənilməz inkşafı, gələcək haqqında inanılmaz proqnozlar – bunların hamısı insanın doğurdan da bu planetin mükəmməl varlığı olduğunu sübut edir. Lakin heç də hər şey ürəyimizcə davam etmir. Dünya hal-hazırda sülhün pozulduğu bir yerdir. Hər gün minlərlə günahsız insan siyasətin qurbanına çevrilir. Məzhəb adı altında, torpaq uğrunda gedən döyüşlərin, qanlı müharibələrin heç kimə bir fayda verməyəcəyi bizlərə məlumdur.

Biz 10 illustrasiya ilə bəşəriyyətin gəldiyi vəziyyəti izah etməyə çalışdıq. Başqa bir yazımızda isə ”Əgər dünyada ölümcül silahlar olmasaydı vəziyyət necə olardı?” başlığı altında material təqdim edəcəyik.

1.Atom sınaqları




2.Telefonların təkamülü



3.Dəyişən yalnız silahlardır






4.Barkodlaşdırdıqlarımızdansınızmı?






5.Fotoqrafiya 



6.Şərh vermirik.




7.Bağışlayın ən yaxın McDonald’s haradadır?




8.Nankor insan övladı





9.Şərhsiz



10.Yazı yazmaq



                                                                                                         (newsworthyplanet)







Zaman nədir? Necə işləyir?

Saniyəbəsaniyə, dəqiqəbədəqiqə kainatın yarandığı gündən bizim dövrümüzə qədər zaman sabit tərzdə axır. Biz zamanı nizamlı və dəyişməz hesab edirik. Amma ”o həqiqətənmi sabitdir?” sualını çoxumuz açıqlaya bilmərik.
Fikrinizi toplayın və məqaləyə köklənin.
Zaman haqqında danışdıqda bu mövzunun mürəkkəbliyi içərisində itib-batmaq çox asandır. Zaman bizi əhatə edir və Yer’də yaşadığımız həyatın təməlidir. O dünyanı, günəş sistemini və hətta bütün kainatı saxlayan kəmiyyətdir. Neçə-neçə cəmiyyətlər yaranmış və məhv olmuş, ulduzlar doğulmuş və sönmüşdür. Bütün kainatda və yerdə baş verən bu hadisələri qeyd etmək üçün bizim yeganə metodumuz var. Keçən zamanı indiki dövr ilə müqayisə etmək.
Zaman həqiqətənmi bir kəmiyyətdir? Doğrudanmı zaman saniyələrin keçməsi kimi sadədir?
Biz bunu müəyyənləşdirməyə çalışırıq. 13.7 milyard il əvvəl kainat yarandı və o vaxtdan bəri zaman qalaktikaların yaranması və fəzanın genişlənməsinin şahidi olaraq bizim dövrə qədər gəlib çatdı. Lakin zamanı müqayisə etməyə çalışdıqda görürük ki, biz çox qısa müddətli yaşayırıq. Yer 4.7 milyard il bundan əvvəl yaransa da insanlar cəmi 400.000 ildir ki, yaşayırlar və bu kainatın yaşının yalnız 0.003%-ini təşkil edir.
Kiçik görsənir deyilmi?
Zaman keçdikcə bu fərq daha da böyüyür. Biz dünyada çox qısa müddət yaşamışıq və astronomik dillə desək tamamilə əhəmiyyətsizik. Biz kainatdakı ən gənc ulduz ilə eyni yaşda olmaq üçün öz həyatımızı 150.000 dəfə yenidən yaşamalıyıq. 17-ci əsrdə Nyuton zamanı düz xətt boyunca hərəkət edən və heç vaxt öz yolundan kənara çıxmayan, yayından çıxmış bir ox kimi təsvir etmişdir. Nyutona görə Yerdəki 1 saniyə Marsda, Yupiterdə və ya fəzadakı 1 saniyəyə bərabərdir. O, inanırdı ki, dəqiq hərəkət müəyyən edilə bilməz və bu da kainatda heç bir şeyin, hətta işığın belə sabit sürətdə olmadığını sübut edir. Bu nəzəriyyəni tədbiq edərək o, belə bir ehtimal yürütdü ki, əgər işığın sürəti fərqlənə bilirsə zaman sabit olmalıdır. 2 saniyə arasında heç bir fərq olmadan zaman bir saniyədən digərinə keçir. Bu sizin düzgün ola biləcəyini düşündüyünüz şeydir. Hər gün 24 saatdır; sizin 26 və ya 23 saat olan bir gününüz yoxdur. Lakin, 1905-ci ildə Enşteyn işığın sürətinin (299.792.458 m/san) fərqlənmədiyi və sabit olduğu fikrini irəli sürdü. O bildirirdi ki, zaman cazibə qüvvəsindən və kosmik zamandan asılı olaraq axan və çəkilən çaya bənzəyir. Zaman kütləsinə və sürətinə görə bir-birindən fərqlənən kosmik cisimlərin ətrafında sürətlənir və ya yavaşıyır. Buna görə də Yer’dəki 1 saniyə kainatdakı1 saniyədən fərqlənir.
Bu problem yaratdı. Əgər işığın sürəti həqiqətən də sabit idisə kainatın bəzi yerlərində müxtəliflik olmalıdır. Kainatin dəyişməsi, planetlərin və qalaktikaların böyük sürətlə fırlanmasını nəzərə alsaq bəzi kiçik dəyişikliklərin olması qəbul ediləndir. Və bu dəyişiklik zaman olmalıdır. Enşteynin nəzəriyyəsinin təkcə doğruluğuna inanılmırdı, həm də onun tamamilə dəqiq olduğu sübut olunmuşdu. 1971-ci ilin oktyabrında Hafel və Kitinq adlı 2 fizik onun düzgünlüyünü sübut etdilər. Bunu sübut etmək üçün onlar əvvəlcə şərqə, sonra isə qərbə doğru dünyanın ətrafında dörd sezyum atomlu saat quraşdırılmış təyyarəni uçurdular. Enşteynin nəzəriyyəsinə görə yerdəki atomik saatlarla (Vaşinqtonda ABŞ Dəniz qüvvələrinin müşahidə bölməsindəki saatlar) müqayisədə Hafel və Kitinqin havada olan saatları şərqdəki səyahətdən sonra 40 nanosaniyə yavaşlamış, qərbdəkinnən sonra isə 275 nanosaniyə sürətli olmuşdur. Bunun səbəbi isə təyyarələrin sürəti ilə birlikdə yerin qravitasiya qüvvəsinin təsiri idi. İnanılmaz olan odur ki, saatlar şərqə və qərbə olan səyahətdən sonra ABŞ Dəniz qüvvələrinin Müşahidə bölməsindəkilərlə müqayisədə təxminən 59 nanosaniyə yavaşımanı və 273 nanosaniyə sürətlənməni qeydə ala bilmişdi. Bu isə Enşteynin zamanın kainat boyunca dəyişdiyini göstərən nəzəriyyəsini sübut edirdi. Nyuton və Enşteynin fikirləri yalnız bir məsələdə üst-üstə düşürdü: zaman irəliyə doğru hərəkət edir.
Zamanı irəliyə və geriyə doğru hərəkət etdirə bilən bir qüvvənin olduğuna dair heç bir sübut yoxdur. Hər şey zamanda irəliyə doğru hərəkət edir və öz yolundan yayınmır və ya yalnız işıq sürətinə yaxınlaşdıqda bir az yayınmalar ola bilər.
Bizim zamanın niyə irəli getdiyinə dair cavabımız varmı?
Bəzi nəzəriyyələr olsa da, buna dəqiq bir cavabımız yoxdur. Bunlardan biri xüsusilə termodinamikanın ikinci qanununda verilmişdir. Burada bildirilir ki, böyük partlayışdan başlayaraq qalaktikaların nizamsız düzülüşünə və orada yaşayanlara qədər kainatda mövcud olan hər bir şey kiçikdən böyük entropiyaya, nizamlılıqdan nizamsızlığa hərəkət etmək istəyir. Bu 1927-ci ildə Britaniya astronomu Artur Edinqton tərəfindən irəli sürülən “zaman oxu” kimi bilinir. O, bildirirdi ki, zaman simmetrik deyil: “Biz oxu izlədikcə dünyada daha çox təsadüfi elementlərə rast gələcəyik və bu zaman oxu gələcəyi göstərir; əgər təsadüfi elementlər getdikcə azalırsa, ox keçmişi göstərir”. Məsələn, biz ulduzun müəyyən formada olduğunu müşahidə edirik, lakin sonra onun supernova kimi partladığını və dağınıq nebulaya çevrildiyini görəndə elə biləcəyik ki zaman bərabərlikdən xaosa doğru hərəkət edir. Başqa bir nəzəriyyədə isə işığın keçidinin kainatın genişlənməsindən asılı olduğu göstərilmişdir. Kainat genişləndikcə zaman və məkan bir-birinə bağlı olduğu üçün o, zamanı da özünə çəkir, lakin bu o deməkdir ki, kainat nəzəri limitə çatsa və daralmağa başlasa zaman da geri qayıdacaq.
Alimlər və astronomlar üçün bir parodoks…
Doğrudanmı zaman geriyə axacaq və hər şey ilkin mərhələdə olduğu kimi olacaq və “Böyük Çökmə” (Böyük Partlayışın əksi) baş verəcək?
Biz o dövrə qədər sağ qala bilmərik, lakin nəyin baş verə biləcəyini güman edə bilərik. Keçən əsrdən bizim zaman haqqında anlayışımızı necə inkişaf etdirdiyimiz həqiqətən də inanılmazdır. Qədim qum saatlarından müasir atomik saatlara qədər biz hər bir keçən saniyəni əvvəl olduğundan daha yaxşı izləyə bilərik. Zaman mürəkkəb mövzu olaraq qalır, lakin elmi tədqiqatçılar və müşahidəçilər sayəsində biz kainatın o qədər də sabit olmayan kəmiyyətinin sirlərini açmağa daha da yaxınlaşırıq. (Huseynova.U)

Öz-özümüzü niyə qıdıqlaya bilmirik?

Bir insan ona toxunulduğu zaman bu təsirə emosional və fiziki cəhətdən cavab verir. Vücudumuzun bəzi bölgələri digərlərinə görə bu təsirlərə qarşı daha həssasdır. Qıdıqlama hissinin yaranması üçün dərimizdəki toxunma duyğusunu qəbul edən sinirlərin xəbərdar olmasına ehtiyac var. Bu hiss beynimizin 2 fərqli bölgəsində dəyərləndirilir. Somatosensori Korteks toxunma duyğusunun şərh olunduğu bölgədir. Qıdıqlanma hissinə səbəb olan hərəkətin dəridəki sinirlərdə yaratdığı siqnallar, beynimizin müsbət duyğuları şərh edən hissəsi sayılan Anterior Singulat korteksini aktivləşdirir. 
Sarah J. Blakemore və dostları Nature Neuroscience jurnalında yayımlanan araşdırmalarında öz-özünü qıdıqlayan zaman insan beyninin bayaq sadaladığımız bu 2 bölgəsinin xarici toxunma zamanından daha az aktiv olduğunu göstərdi.
Lakin dərimizdəki sinirlər toxunma nəticəsində yaranan siqnalların xaricdənmi, yoxsa tərəfimizdənmi yaradıldığını ayırd edə bilmir. Beynimizin hərəkətilə bağlı hissəsi sayılan beyincik bu fərqi ayırd edə bilən sensor vəzifəsini yerinə yetirir. Öz-özümüzü qıdaqlayan zaman beyincik hərəkətin mənbəyini araşdırır və bu məlumat sayəsində beynimizin qıdıqlamaya reaksiya göstərən digər bölgələri də daha az aktiv olur. Beynimizin bizim yaratdığımız hərəkətə verdiyi təsirin azalması, gözlənilməyən xarici xəbərdaredicilərə qarşı həssaslığımızı artırdığımızdan qaynaqlana bilər. 


”Üstünə milçək qonan yeməyi yemək olarmı?” sualına elmi cavab

Bir milçək yeməyinizin üstünə qoyanda nələr baş verir, heç düşünmüsünüzmü? 
Yəqin ki, sizə də maraqlıdır. Onda gəlin bir yerdə baxaq. Görək yeməyimizin üstünə milçək qonanda nələr olurmuş ?!
Ehtimal ki, çoxunuz yeməyə davam davam edərsiniz. Adi bir milçəkdir. Elə deyilmi?
Həqiqətən bir çox insan belə düşünür.
Bir təcrübədə iştirakçılara “Hansı canlı ilə qarşılaşsanız yeməyi dayandırarsınız”? sualı verilib. Milçək, qarışqa, yoxsa tarakan?
 İştirakçıların 61%-i tarakan deyib.

Amma həqiqət tamamilə başqadır. Tarakanlar mikrob mövzusunda milçəklərin yanında mələk kimi görünürlər.

Çünki milçəklərin qida siyahısı çox iyrənc görünür. Heyvan leşi, zibil, nəcis və s.

Və çeynəmə xüsusiyyətindən məhrum olduqları üçün qoyduqları yerə selik buraxırlar. Fermentlər ərzaqla birləşdikdə isə bu tüpürcəyi yenidən udurlar.
Bu canlılar çoxlu sayda zərərli bakteriyanı bədənlərində daşıyırlar və toxunma yolu ilə digər canlılara ötürürlər.

Bunun üçün sadəcə qonurlar və mikroblar buraxırlar.
”Milçəklərin yoluxdura biləcəyi xəstəliklər azdır” deyə düşünməyin. Ən başdan saymaq lazım gələrsə bunların başında vəba, dizenteriya, qarın yatalağı və s. dayanır.

Bir loxma az yeyin, sağlamlığınızı qoruyun! (wsemir.com)