Saniyəbəsaniyə, dəqiqəbədəqiqə kainatın yarandığı gündən bizim dövrümüzə qədər zaman sabit tərzdə axır. Biz zamanı nizamlı və dəyişməz hesab edirik. Amma ”o həqiqətənmi sabitdir?” sualını çoxumuz açıqlaya bilmərik.
Fikrinizi toplayın və məqaləyə köklənin.
Zaman haqqında danışdıqda bu mövzunun mürəkkəbliyi içərisində itib-batmaq çox asandır. Zaman bizi əhatə edir və Yer’də yaşadığımız həyatın təməlidir. O dünyanı, günəş sistemini və hətta bütün kainatı saxlayan kəmiyyətdir. Neçə-neçə cəmiyyətlər yaranmış və məhv olmuş, ulduzlar doğulmuş və sönmüşdür. Bütün kainatda və yerdə baş verən bu hadisələri qeyd etmək üçün bizim yeganə metodumuz var. Keçən zamanı indiki dövr ilə müqayisə etmək.
Zaman həqiqətənmi bir kəmiyyətdir? Doğrudanmı zaman saniyələrin keçməsi kimi sadədir?
Biz bunu müəyyənləşdirməyə çalışırıq. 13.7 milyard il əvvəl kainat yarandı və o vaxtdan bəri zaman qalaktikaların yaranması və fəzanın genişlənməsinin şahidi olaraq bizim dövrə qədər gəlib çatdı. Lakin zamanı müqayisə etməyə çalışdıqda görürük ki, biz çox qısa müddətli yaşayırıq. Yer 4.7 milyard il bundan əvvəl yaransa da insanlar cəmi 400.000 ildir ki, yaşayırlar və bu kainatın yaşının yalnız 0.003%-ini təşkil edir.
Kiçik görsənir deyilmi?
Zaman keçdikcə bu fərq daha da böyüyür. Biz dünyada çox qısa müddət yaşamışıq və astronomik dillə desək tamamilə əhəmiyyətsizik. Biz kainatdakı ən gənc ulduz ilə eyni yaşda olmaq üçün öz həyatımızı 150.000 dəfə yenidən yaşamalıyıq. 17-ci əsrdə Nyuton zamanı düz xətt boyunca hərəkət edən və heç vaxt öz yolundan kənara çıxmayan, yayından çıxmış bir ox kimi təsvir etmişdir. Nyutona görə Yerdəki 1 saniyə Marsda, Yupiterdə və ya fəzadakı 1 saniyəyə bərabərdir. O, inanırdı ki, dəqiq hərəkət müəyyən edilə bilməz və bu da kainatda heç bir şeyin, hətta işığın belə sabit sürətdə olmadığını sübut edir. Bu nəzəriyyəni tədbiq edərək o, belə bir ehtimal yürütdü ki, əgər işığın sürəti fərqlənə bilirsə zaman sabit olmalıdır. 2 saniyə arasında heç bir fərq olmadan zaman bir saniyədən digərinə keçir. Bu sizin düzgün ola biləcəyini düşündüyünüz şeydir. Hər gün 24 saatdır; sizin 26 və ya 23 saat olan bir gününüz yoxdur. Lakin, 1905-ci ildə Enşteyn işığın sürətinin (299.792.458 m/san) fərqlənmədiyi və sabit olduğu fikrini irəli sürdü. O bildirirdi ki, zaman cazibə qüvvəsindən və kosmik zamandan asılı olaraq axan və çəkilən çaya bənzəyir. Zaman kütləsinə və sürətinə görə bir-birindən fərqlənən kosmik cisimlərin ətrafında sürətlənir və ya yavaşıyır. Buna görə də Yer’dəki 1 saniyə kainatdakı1 saniyədən fərqlənir.
Bu problem yaratdı. Əgər işığın sürəti həqiqətən də sabit idisə kainatın bəzi yerlərində müxtəliflik olmalıdır. Kainatin dəyişməsi, planetlərin və qalaktikaların böyük sürətlə fırlanmasını nəzərə alsaq bəzi kiçik dəyişikliklərin olması qəbul ediləndir. Və bu dəyişiklik zaman olmalıdır. Enşteynin nəzəriyyəsinin təkcə doğruluğuna inanılmırdı, həm də onun tamamilə dəqiq olduğu sübut olunmuşdu. 1971-ci ilin oktyabrında Hafel və Kitinq adlı 2 fizik onun düzgünlüyünü sübut etdilər. Bunu sübut etmək üçün onlar əvvəlcə şərqə, sonra isə qərbə doğru dünyanın ətrafında dörd sezyum atomlu saat quraşdırılmış təyyarəni uçurdular. Enşteynin nəzəriyyəsinə görə yerdəki atomik saatlarla (Vaşinqtonda ABŞ Dəniz qüvvələrinin müşahidə bölməsindəki saatlar) müqayisədə Hafel və Kitinqin havada olan saatları şərqdəki səyahətdən sonra 40 nanosaniyə yavaşlamış, qərbdəkinnən sonra isə 275 nanosaniyə sürətli olmuşdur. Bunun səbəbi isə təyyarələrin sürəti ilə birlikdə yerin qravitasiya qüvvəsinin təsiri idi. İnanılmaz olan odur ki, saatlar şərqə və qərbə olan səyahətdən sonra ABŞ Dəniz qüvvələrinin Müşahidə bölməsindəkilərlə müqayisədə təxminən 59 nanosaniyə yavaşımanı və 273 nanosaniyə sürətlənməni qeydə ala bilmişdi. Bu isə Enşteynin zamanın kainat boyunca dəyişdiyini göstərən nəzəriyyəsini sübut edirdi. Nyuton və Enşteynin fikirləri yalnız bir məsələdə üst-üstə düşürdü: zaman irəliyə doğru hərəkət edir.
Zamanı irəliyə və geriyə doğru hərəkət etdirə bilən bir qüvvənin olduğuna dair heç bir sübut yoxdur. Hər şey zamanda irəliyə doğru hərəkət edir və öz yolundan yayınmır və ya yalnız işıq sürətinə yaxınlaşdıqda bir az yayınmalar ola bilər.
Bizim zamanın niyə irəli getdiyinə dair cavabımız varmı?
Bəzi nəzəriyyələr olsa da, buna dəqiq bir cavabımız yoxdur. Bunlardan biri xüsusilə termodinamikanın ikinci qanununda verilmişdir. Burada bildirilir ki, böyük partlayışdan başlayaraq qalaktikaların nizamsız düzülüşünə və orada yaşayanlara qədər kainatda mövcud olan hər bir şey kiçikdən böyük entropiyaya, nizamlılıqdan nizamsızlığa hərəkət etmək istəyir. Bu 1927-ci ildə Britaniya astronomu Artur Edinqton tərəfindən irəli sürülən “zaman oxu” kimi bilinir. O, bildirirdi ki, zaman simmetrik deyil: “Biz oxu izlədikcə dünyada daha çox təsadüfi elementlərə rast gələcəyik və bu zaman oxu gələcəyi göstərir; əgər təsadüfi elementlər getdikcə azalırsa, ox keçmişi göstərir”. Məsələn, biz ulduzun müəyyən formada olduğunu müşahidə edirik, lakin sonra onun supernova kimi partladığını və dağınıq nebulaya çevrildiyini görəndə elə biləcəyik ki zaman bərabərlikdən xaosa doğru hərəkət edir. Başqa bir nəzəriyyədə isə işığın keçidinin kainatın genişlənməsindən asılı olduğu göstərilmişdir. Kainat genişləndikcə zaman və məkan bir-birinə bağlı olduğu üçün o, zamanı da özünə çəkir, lakin bu o deməkdir ki, kainat nəzəri limitə çatsa və daralmağa başlasa zaman da geri qayıdacaq.
Alimlər və astronomlar üçün bir parodoks…
Doğrudanmı zaman geriyə axacaq və hər şey ilkin mərhələdə olduğu kimi olacaq və “Böyük Çökmə” (Böyük Partlayışın əksi) baş verəcək?
Biz o dövrə qədər sağ qala bilmərik, lakin nəyin baş verə biləcəyini güman edə bilərik. Keçən əsrdən bizim zaman haqqında anlayışımızı necə inkişaf etdirdiyimiz həqiqətən də inanılmazdır. Qədim qum saatlarından müasir atomik saatlara qədər biz hər bir keçən saniyəni əvvəl olduğundan daha yaxşı izləyə bilərik. Zaman mürəkkəb mövzu olaraq qalır, lakin elmi tədqiqatçılar və müşahidəçilər sayəsində biz kainatın o qədər də sabit olmayan kəmiyyətinin sirlərini açmağa daha da yaxınlaşırıq. (Huseynova.U)

Hiç yorum yok:
Yorum Gönder