SAYTA GİRƏN OXUCU SAYI

30 Ekim 2016 Pazar

Emosiyalarımız (təcrübə)

İnsanın 6 başlıca emosiyasının (sevinc, heyrət, kədər, qəzəb, qorxu və nifrət) olması Aristotel dövründən məlumdur.
Ötən əsrin 60-cı illərində amerikalı psixoloq Pol Ekman bu fikrin doğruluğunu yoxlamaq üçün dünyanın müxtəlif ölkələrində araşdırmalar aparmış...

Darvinin fikirlərinin doğru olmasını təcrübə yolu ilə təsdiq etmişdi. Ekmanın təcrübələr zamanı özü ilə götürdüyü fotoları (bu fotolarda ağdərili adamların müxtəlif mimikaları əks olunurdu) hətta qəbilə halında yaşayan adamlara göstərdikdə belə, onlar fotodakı adamların hansı hiss keçirdiyini dəqiq söyləmişdilər. 
Ekman belə bir nəticəyə gəlmişdi ki, üz əzələləri insanın əhvalına tam reflektiv reaksiyalar göstərir ki, bu da bütün insanlarda eynidir. Mimikanı yaradan əzələlərin hərəkətini tamamilə idarə etmək qeyri-mümkündür. Ən təcrübəli insan belə, öz hisslərini gizlətməyə çalışanda həmin əzələlər ani də olsa hərəkətə gəlir və diqqətli müşahidə ilə bunu sezmək mümkündür. Ekman belə hərəkətləri “mikromimika” adlandırırdı və hətta təklif etmişdi ki, bundan cinayət işlərinin istintaqı zamanı yalanın ifşa edilməsi məqsədilə istifadə olunsun. Ekmanın tədqiqat nəticələri dərc olunandan cəmi üç ay sonra Amerika xüsusi xidmət orqanları bu təcrübədən yararlanmağa başladılar.
Bununla belə, çoxdan məlumdur ki, bir çox mimikalar qarışıq hislərin təsiri ilə yaranır. Məsələn, heyrət hissi sevinclə, yaxud qorxu ilə qarışıq təzahür edə bilir. Kolumbus (ABŞ, Ohayo) universitetinin psixoloqları Aleks Martinesin rəhbərliyi altında aparılan təcrübi tədqiqatlarda qarışıq hislərin 16 ifadə formasının mümkün olduğunu müəyyən etdilər.
Təcrübələrə 230 nəfər könüllü (100 kişi, 130 qadın; əsasən universitet tələbələri) cəlb olundu. Təcrübə zamanı onlara qarışıq hisslər doğuran suallar verilir, yaxud vəziyyətlər yaradılır, bu zaman sifət ifadələri foto qeydə alınır, sonradan xüsusi kompüter proqramı vasitəsilə müqayisə olunurdu.
Beləliklə, mimikaların sayı ilə bağlı elmin gəldiyi son nəticə budur: 6 əsas və 16 qarışıq hiss mövcuddur. Üz əzələ aparatının konkret ana olan hərəkətini qeydə almaqla, həmin insanın həmin anda hansı hisslər keçirdiyini təyin etmək mümkündür.
O ki qaldı, insanın saxta mimikalar yaratmaq imkanlarına, bunları həqiqi mimikalardan ayırd etmək də mümkündür. Gözlərə yalançı ifadə vermək insanın imkanları xaricindədir. İstənilən saxta mimikanı həmin anda gözlərin ifadəsinə əsasən ifşa etmək mümkündür. “Gözlər qəlbin aynasıdır”, “gözlər yalan söyləməz” kimi müxtəlif xalqlara aid olan folklor nümunələri insanların bu nüansı çox qədimlərdən bildiyini təsdiq edir.

Hiç yorum yok:

Yorum Gönder